30 iyul 2019-cu il tarixdə xocalıların kompakt şəkildə məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində fəaliyyət göstərən Xocalı şəhər 3 nömrəli uşaq musiqi məktəbinin akt zalında Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədrinin seçilməsi məqsədilə yığıncaq keçirildi. 50 nəfərin iştirak etdiyi yığıncaqda əvvəlcə iclası aparmaq üçün sədr və katib seçildi.
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Xocalı rayon Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə Salahov Yaşar Şamil oğlunun namizədliyi irəli sürüldü. Yaşar Salahovun namizədliyi səsə qoyuldu və yekdilliklə onun sədr seçilməsi təsdiq edildi.
Sonra çıxış üçün söz Azərbaycan Respublikası Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Komitəsinin baş texniki əmək müfəttişi Valeh Nağıyevə verildi. Valeh Nağıyev Yaşar Salahova yeni işində uğurlar arzuladı, tövsiyələrini bildirdi. Arzu etdi ki, belə tədbirlər Xocalıda keçirilsin.
Yaşar Salahov çıxışında ona göstərilən etimada görə minnətdarlığını etdi.
Sonda qərar layihəsi oxundu.
Qeyd edək ki, Yaşar Salahov bundan əvvəl Xocalı rayon Nəriman Nərimanov adına kolxozun idarə heyətinin sədri, Dağlıq Qarabağ Muxtar Vilayəti üzrə Respublika Təşkilat Komitəsində məsul işçi, Xocalı Rayon İcra Hakimiyyəti Başçının Aqrar Məsələləri üzrə müavini, Şuşa rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifələrində işləyib.